Spiker: "Ermənistan bu cür çıxışlarla bizi qızışdırmaq istəyir"

23 Aprel 2019 13:11 (UTC+04:00)

“Müharibəyə çağırış etməklə biz nə əldə edəcəyik? Əgər sülh yolu ilə həll etmək mümkündürsə, niyə biz müharibə çağırışı etməliyik?”. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov deputat Fərəc Quliyevin müharibə çağırışına münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşları deyir: “Biz dünyaya bu cür çağırışlar edirik. Əgər Azərbaycanın şərtlərinin yerinə yetirilməsi və məsələnin sülh yolu ilə həlli imkanı varsa, biz nəyə görə buna qarşı çıxmalıyıq? Erməninin ağılsız bir naziri çıxış edərək deyib ki, “biz Azərbaycandan torpaq almalıyıq”. Onlar başa düşürlər ki, bununla heç nə əldə etməyəcəklər. Ermənistan bu cür çıxışlarla bizi qızışdırmaq istəyir. Hazırda Ermənistanın çalışdığı məsələ Azərbaycanla Aİ arasında imzalanacaq sazişə xələl gətirməkdir. Biz onların təxribatına getməməliyik. Azərbaycan prezidenti bütün dünyada ölkəmizin mövqeyini açıqlayır, ərazi bütövlüyümüz danışıqlar predmeti deyil”.