Üçüncü Qlobal Sağlamlıq Turizm Forumu keçirilir - TƏDBİR-VİDEO- FOTOLAR

23 Aprel 2019 12:57 (UTC+04:00)

Bu gün “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi barədə hazırlanmış videoçarx nümayiş olunub.

“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.

Tədbirdə QSTF-nun sədri Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və başqaları çıxış edərək sağlamlıq turizmə həsr olunan tədbirin əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.

Beşinci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur.

Forum rəsmi görüşlər və danışıqlar, plenar və panel iclasları, yerli və xarici sağlamlıq turizm müəssisələrinin sərgisindən sonra xarici nümayəndələrinin Naftalan, Qalaaltı, Duzdağ və İstisu müalicəvi- sağlamlıq mərkəzlərinə tanışlıq səfəri təşkil ediləcək.

Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Çin, Hindistan, İran, Qazaxıstan, İordaniya, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Qeyd edək ki, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosessləri İnstitutu və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası arasında Assosativ Əməkdaşlıq Haqqında Memorandum imzalandı.