Türkiyənin Sürixdəki Baş konsulluğuna hücum olub

22 Aprel 2019 22:03 (UTC+04:00)

İsveçrənin Sürix şəhərində Türkiyənin Baş konsulluğuna naməlum şəxslər tərəfindən “Molotov kokteylləri” atılıb. Anadolu agentliyi xəbər verir ki, bu barədə baş konsul Asiye Nurcan İpəkçi məlumat verib. Onun sözlərinə görə, Baş konsulluğun binası bundan əvvəl də bu cür hücumlara məruz qalıb. İnsidentin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Baş konsul bildirib ki, İsveçrə polisi insidentlə bağlı iki nəfəri saxlayıb, lakin onların şəxsiyyəti haqqında heç bir məlumat verilməyib. İpəkçi əlavə edib ki, hadisənin detalları barədə yaxın günlərdə məlumat veriləcək. O, Baş konsulluğun binasına zərər dəymədiyini, atılan “Molotov kokteyllərindən” birinin alışmadığını, digərinin isə qapıya dəyərək söndüyünü söyləyib.

Baş konsul diqqətə çatdırıb ki, İsveçrənin Sürix şəhərində Türkiyənin Baş konsulluğu son illər terrorçu qruplaşmaların hədəfinə çevrilib. Belə ki, son 2 ildə binaya 6 dəfə hücum olunub. 2017-ci il mayın 1-də isə bu binanın önündə toplaşan yüzlərlə maskalı insanlar radikal şüarlar səsləndirib və Baş konsulluğa boyalar atıblar. 2018-ci ildə isə diplomatik nümayəndəliyin xidməti maşını bir qrup terrorçunun hücumuna məruz qalıb.