Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

22 Aprel 2019 17:54 (UTC+04:00)

Balakən rayonunda uzunluğu 29 kilometr olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolu yenidən qurulur. Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 18 min nəfərin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğundur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

Yolboyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda yeni yol əsasının inşası işləri aparılır, yol əsası hazır olan hissələr isə asfaltlanır. Yolun böyük hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınıb. Ümumilikdə isə yolun 170 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metr uzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.