Formula 1 yarışının yükləri Azərbaycana gətirilir

22 Aprel 2019 16:34 (UTC+04:00)

Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün yüklərin Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilməsinə başlanılıb. SİA-nın məlumatına görə, bu barədə hava limanının mətbuat xidmətindən açıqlama verilib. Yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. Milli yük aviadaşıyıcısı təkcə Formula 1-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.

Qeyd edək ki, bolidlərin təkərləri daim +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 26-28 apreldə təşkil olunacaq. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.