Ukraynada seçkilər Azərbaycan üçün nə vəd edir? ŞƏRH-ÖZƏL

22 Aprel 2019 15:52 (UTC+04:00)

“Ümumiyyətlə seçki hər bir xalqın suveren hüququdur və bu müstəvidə Azərbaycan da başqa ölkələrdə keçirilən seçkilərinə hörmətlə yanaşır. Bura əlbəttə ki Ukraynada keçirilən seçkilər də daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

O bildirib ki, Azərbaycanla Ukrayna xalqları arasında dost münasibətləri olmaqla yanaşı, ölkələr arasında həm siyasi, həm də iqtisadi sahədə müştərək layihələr həyata keçirilir: “Bundan başqa hər iki ölkə arasında əlaqələr enerji daşıyıcıları sahəsində də mövcuddur. Seçkilərdən sonra bu əlaqələrin hansı məcrada inkişaf edəcəyi ilk növbədə Ukraynanın yeni hakimiyyətindən asılı olacaq”.

Politoloq söyləyib ki, bundan əvvəl Qərbin dəstəyi ilə demokratik dəyərlərlə hakimiyyətə gələn qüvvələrin dövründə çox təəssüf ki, bəzi hallarda Avropa qurumlarında ölkəmizin ünvanına məntiqə sığmayan iradlar səsləndirir, Azərbaycanın mövqeyinə zidd bəyanatlar verirdilər: “Düşünürəm ki, bunların çoxu siyasi oyunlar idi. Azərbaycanla Ukraynanın üzləşdiyi ümumi problem olan ərazi bütövlüyü məsələsi bu dövlətləri istənilən halda onları təbii müttəfiq edib. Hesab edirəm ki, bu baxımdan yeni hakimiyyət orada təmsil olunan qüvvələr Azərbaycanın nəinki Cənubi Qafqazda, eləcə də Avropada əhəmiyyətini başa düşərək, düzgün qiymətləndirəcək və ölkəmizlə əlaqələrə böyük önəm verəcəklər”.

Hər iki dövlətin separatçı qurumlar məsələsi ilə üzləşdiyini xatırladan S. İsgəndərovun sözlərinə görə, Ukraynanın yeni hakimiyyəti bilməlidir ki, Azərbaycan hər zaman onların ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşaraq, dəfələrlə BMT-də, Avropa və digər beynəlxalq qurumlarda öz dəstəyini ifadə edib: “Sözsüz ki, Azərbaycan da haqlı olaraq bu müstəvidə Ukraynanın yeni hakimiyyətindən analoji addımlar, yanaşma gözləyəcək. Bundan sonra iki dövlət arasında münasibətlərin hansı məcraya yönələcəyi Ukraynanın yeni hakimiyyətindən asılı olacaq. Bildiyiniz kimi Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də hüquqi müstəvidə sabit siyasət yürüdən ölkədir. Azərbaycan beynəlxalq hüquqa hörmət prinsipi ilə çalışır və buna sadiqdir. Lakin Ukraynada xarici qüvvələrin proseslərə güclü təsir etməsindən asılı olaraq siyasi konyuktura dəyişir. Bu baxımdan əsas məsələ yeni hakimiyyətin hansı siyasi xətlə getməsindən asılıdır”.

Politoloqun fikrincə, yeni seçkilərdən sonra Ukrayna istər Krım, istərsə də Donbasla bağlı müstəqil siyasət yürüdə bilməyəcək: “Ukrayna ABŞ-la Rusiya arasında balansı tapmağa məcbur olacaq. Əsas həll edici faktor Rusiya ilə ABŞ-ın Ukrayna ilə bağlı ortaq məxrəcə gəlməsidir. Həm Krım, həm Donbas məsələsi də bundan asılıdır. Ümid edirəm ki, Ukrayna balanslı, düşünülmüş siyasət yürüdərək iki güc mərkəzi arasında qırmızı xətti tapacaq və ölkədəki problemlərə son qoya biləcək”.