"Heç bir qüvvə Azərbaycanı məcbur edə bilməz" ÖZƏL-ŞƏRH

22 Aprel 2019 15:24 (UTC+04:00)

“Azərbaycana qarşı çirkin niyyətlərini reallaşdırmaq istəyən xarici güclərin və onların daxildəki əlaltılarına çevrilmiş müxalifətin radikal qanadının ölkəmizin imicinə zərər gətirmək, ölkədəki sabitliyi pozmaq cəhdləri hər zamn olubdur və indi də mövcuddur. Son dövrlərdə bu istiqamətdə yeni bir aktivləşmə hiss olunur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu, xalqın və milli maraqların təəssübünü əsas götürərərək yürütdüyü xarici siyasət, daxili siyasətdə əhalinin sosial rifahının yüksəlməsinə yönəlmiş islahatlar xəttini əsas götürməsi və ardıcıl, məqsədyönlü, sistemli və davamlı şəkildə insanlarımızın rifahı, daha yaxşı yaşaması naminə islahatları gerçəkləşdirməsi və ən nəhayət, xalqla prezident arasında qarşılıqlı inam, etibar bu qüvvələri narahat edir: “Cənab Prezidentin daxili siyasətdə həyata keçirdiyi islahatlar, qəbul etiyi qərarlar, proqramlar ilk növbədə Azərbaycanın sosial dövlət olaraq vətəndaşının daha yaxşı yaşamasında maraqlı olduğunu nümayiş elətdirir. Əhalinin sosial cəhətdən həssas və az imkanlı təbəqəsini əhatə edən inilabı xarakterli qərarlar yalnız dövlət rəhbərinin iradəsinin nəticəsində reallaşmışdır. Konkret olaraq qısa müddətdə qaçqın və məcburi köçkünləri, Qarabağ veteranlarını və şəhid ailələrini, hərbçiləri əhatə edən yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, hər bir insanın mənzil ehtiyacının təmin edilməsi istiqamətində sosial evlərin tikintisinin reallaşması və prosesin davamlı xarakter alması, təqaüdlərin, pensiyaların, minimum əmək haqqının, sosial müavinətlərin artırılması, problemli kreditlərlə bağlı məsələnin həllini tapması, təbii fəalkətlər və bədbəxt hadisələr zamanı zərərçəkmiş insanlara dövlət qayğısının və yardımının göstərilməsini qeyd etmək dövlətimizin hər zaman öz insanına verdiyi önəmin, diqqətin və qayğının göstəricisidir. Hər bir Azərbaycan vətəndaşı təbii ki, bu dəyişikliklərin fərqindədir və öz arxasında güclü dövləti görür, güclü və nüfuzlu lideri hiss edir.

Son 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu dövlətimizi rəqabətədavamlı ölkəyə çevirmiş, regionda lider dövlət olaraq mövqeyini yüksəltmişdir. Nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşması ilə ölkəmizin strateji mövqeləri daha da möhkəmlənmişdir. Azərbaycan mühüm beynəlxalq layihələrin təşəbbüskarı və müəllifidir. Azərbaycan onun üçün yalnız iqtisadi deyil, həm də böyük siyasi önəm kəsb edən Bakı-Tbilisi-Qars, Cənub-Qaz-Dəhlizi kimi əhəmiyyətli layihələrlə Avropa coğrafiyasında real tərəfdaş, etibarlı partnyor olmaqla bərabər, həm də, milli maraqlarını üstün tutan, onu təmin edən və müstəqil siyasət aparan dövlət kimi bir daha özünü sübut edə bilib. Bütün bunların nəticəsidir ki, Azərbaycan öz müstəqil siyasəti ilə də dünyada, beynəlxalq münasibətlər sistemində xüsusi nüfuza malikdir. Dünyanın aparıcı güc mərkəzləri də ölkə başçımızın qətiyyətini, milli maraqlara əsaslanan siyasətini nəzərə alaraq məhz bu baxımdan ölkəmizlə sıx əməkdaşlıq münasibətləri qurmuşlar.

Bizim üçün maraqlı olan Avropa İttifaqı dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Çünki, Avropanın bir hissəsi olaraq bu coğrafiyada ölkəmiz həm ciddi iqtisadi layihələr icra edir, həm də enerji bazarı kimi Avropa bizim üçün olduqca əhəmiyyətlidir. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması işləri artıq yekunlaşmaq üzrədir və sazişin imzalanması ilə həm Azərbaycan, həm də Avropa ciddi qarşılıqlı fayda əldə edəcəklər. Biz nəinki Azərbaycan-Avropa İttifaqı münasibətlərində, bütün ikitərəfli və çoxtərəfli sazişlərdə ilk növbədə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı əsas götürürük. Cənab Prezident hər zaman milli maraqlarımıza cavab verməyən heç bir sənədi qəbul etməyəcəyimizi bəyan edərək buna əməl edir və qarşı tərəfi də maraqlarımıza hörmət etməyə məcbur edir. Təqdim edilən ütün sənədləri, o cümlədən də Avropa İttifaqı ilə saziş sənədində qarşı tərəfin təqdim etdiyi sənədi olduğu kimi qəbul etməmək, məqbul və qeyri-məqbul müddəaları müzakirə edərək, milli maraqlar çərçivəsində bitkin yekun sənəd razılaşdırılanadək sənədin üzərində iş getməsində və yekunda məqbul variantın imzalanmasında israrlıdır. Bu həm başadüşüləndir, həm də alqışlanmalıdır. Bizim üçün ilk növbədə önəmli olan imzlanacaq hər hansı mötəbər sənəddə milli maraqların təmin edilməsidir.

Yuxarıda haqqında bəhs olunan Azərbaycan-Avropa İttifaqı sazişinin layihə variantında,Ermənistanı narahat edən əsas məqam sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasına aid bəndin daxil edilməsidir. Müzakirə olunan və razılaşdırılmayan digər bir məsələ Avropa İttifaqının üzv dövlətləri üçün əlverişli şərtlərlə bazarlar və imkanlar əldə etməsi, bunun müqabilində Avropa bazarlarının eyni şərtlərlə Azərbaycan şirkətləri üçün açıqlığının təmin edilməməsi ilə bağlıdır.

Əlbətdə, həm daxili siyasətdə əldə olunan uğurlar, həm xarici siyasətimizin bizə gətirdiyi dividentlər müdrik siyasətin, praqmatik düşüncənin məhsuludur. Eyni zamanda, bu uğurların qazanılmasında basilıca faktorlardan biri kimi xalqın öz liderinə arxalanması, ona dəstəyi, etimadı, rəğbəti dayanır. Bir neçə gün öncı nüfuzlu "Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri də deyilənləri bir daha təsdiq etdi.

Azərbaycanı istəməyən, onun uğurlarını həzm edə bilməyən, xalqın öz lideri ətrafında sıx birləşməsindən narahat olan qüvvələrin fəaliyyətinə son dövrlərdə bir aktivlik müşahidə edilməkdədir. Həmişə olduğu ki, bu dəfə də erməni lobbisi, xaricdə ölkəmizə qarşı olan antiazərbaycan qüvvələr, eyni zamanda Ermənistan Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational", "Amnisty İnternational", OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon" vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Xarici antiazərbaycan və daxildəki "5-ci kolon”un cəhdlərinin arxasında da məhz Ermənistanın, erməni lobbisinin və onları himayə edən xarici güclərin hazırda aktivləşməsinin əsasında da məhz Azərbaycan- Avropa ittifaqı sazişi layihəsində ölkəmizin israrla milli maraqlarının təmin edilməsini tələb etməsi dayanır. Heç bir qüvvə ölkəmizi onu qane etməyən etməyən şərtləri qəbul etməyə məcbur edə bilməz və həmişə olduğu kimi, bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayacaqdır”.