Xalq anti-Azərbaycan kampaniyası aparan qüvvələrə layiqli cavab verir ANALİTİK

22 Aprel 2019 13:54 (UTC+04:00)

Ermənipərəst qüvvələrin dəstəkçiləri “beşinci kolon” - özlərini “demokratik cəbhə” altında kamufilə edən xəyanətkar radikal müxalifət “liderləri” onların xarici ölkələrdə “siyasi mühacir”, ”dissident” kimi təqdim edən sosial şəbəkələrdəki quyruq bulayanlarıdır

Artıq kifayət qədər bəllidir ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələr və gedən proseslərə öz münasibəti, o cümlədən, artan iqtisadi gücü, xüsusilə son vaxtlar reallaşdırılan inqilabi islahatlar bəlli anti-Azərbaycan xarici dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir. O da sirr deyil ki, Azərbaycana qarşı güclənən çirkin qarayaxma kampaniyasının əsasında dövlətimizin heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini müdafiə etməsi Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl, prinsipiallığa söykənən qətiyyətli və müstəqil siyasət durur. Bu baxımdan, zaman-zaman həyata keçirilən qarayaxma kampaniyaları xarici anti-Azərbaycan və erməni lobbisinin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir. Söz yox ki, ermənipərəst qüvvələrin əsas dəstəkçiləri “beşinci kolon” adlandırılan və özlərini “demokratik cəbhə” altında kamufilə edən satqın, xəyanətkar, dağıdıcı küçə təfəkkürünə malik radikal müxalifət “liderləri” onların xarici ölkələrdə “siyasi mühacir”, ”dissident” kimi təqdim edən sosial şəbəkələrdəki quyruq bulayanlarıdır.

Belələri hər bənzər cəhdlərlə xalq ordusunun hiddəti ilə qarşı-qarşıya qalırlar

Qeyd edək ki, məlum məqsədlərlə qərəz, şər-böhtan yağdıran bu qüvvələrin iddiaları normal, sağlam düşüncələrə sahib ictimaiyyət tərəfindən əsla qəbul edilmir. Əksinə, belələri hər bənzər cəhdlərlə xalq ordusunun hiddəti ilə qarşı-qarşıya qalırlar. Gah “inqilab”, gah “davamlı mitinqlər”, gah da xarici dipkorpuslara yalan donosları ötürənlər nəticədə heç bir istəklərinə çatmamaqla yanaşı, həm də daha ağır məğlubiyyətlərə tuş gəlirlər.

O cümlədən, hər hansı bir ölkədə bu və ya digər ictimai-siyasi proseslər baş verirsə, harada aş, orada baş kimi görünən “demokratiya aşiqləri” dərhal “inqilabdan” dəm vurur, bununla da anti-Azərbaycan qüvvələri ilə iş birliyində olduqlarını açıq-aşkar etiraf edirlər. İndiyə qədər Soros da daxil olmaqla, bir çox xarici təşkilatlar dəfələrlə öz çirkin niyyətlərini gerçəkləşdirməyə cəhdlər göstərsələr də, onların həmin cəhdləri iflasa uğrayıb.

Beynəlxalq aləm Azərbaycan dövlətinin siyasi nüfuzunu qəbul edir və bunda maraqlı olduğunu nümayiş etdirir

Onlar daha bir gerçəyi unudurlar ki, Azərbaycan regionda və dünyada müstəqil siyasət yürütməklə yanaşı, eyni zamanda, qonşu dövlətlər, eləcə də Avropa dövlətləri və digər dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur. Bu, ondan irəli gələn haldır ki, beynəlxalq aləm Azərbaycan dövlətinin siyasi nüfuzunu qəbul edir və bunda maraqlı olduğunu nümayiş etdirir. Habelə, dövlətimiz bütün beynəlxalq tribunalarda öz haqq səsini ucaldır, ayrı-ayrı siyasi-iqtisadi məsələlərə dair müstəqil mövqeyini bildirir, təşəbbüskar olaraq çıxış edir, eləcə də mötəbər tədbirlərə ev sahibliyi edir. Bu da Azərbaycanı gözü götürməyən qüvvələrin qısqanclığı ilə qarşılanır. Ölkəmizə qarşı aparılan qara kampaniyalarda islamofobiya meylləri də mövcuddur. Həmçinin, bu və ya digər bu kimi bənzər qarayaxma kampaniyalıarında erməni lobbisinin izi həmişə özünü göstərir.

Eyni zamanda, dünyada bəzi dairələr mövcuddur ki, onlar heç vaxt Azərbaycanın müstəqil dövlət olmasını, öz iradəsinə arxalanaraq daxili və xarici siyasət yürütməsini həzm edə bilmirlər. Bu cür qüvvələr istəyirlər ki, Azərbaycan sözəbaxan dövlət olsun və ölkə ərazisindən başqa dövlətlərə qarşı həm siyasi, həm də hərbi təzyiq vasitəsi kimi istifadə edə bilsinlər.

Erməni lobbisi və bəzi xarici dairələrin təsiri altında həyata keçirilən bu çirkin kampaniya əvvəlkilərtək uğursuzluqla nəticələnəcək

Bu baxımdan, bir millyondan artıq qaçqın və məcburi köçkünlərimizin hüquqlarının təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulduğu halda, bəlli “insan hüquqları təşkilatları” “siyasi məhbus” və s. qeyri-real məsələləri qabartmağa çalışırlar. Lakin hər kəs, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlar da yaxşı bilir və dərk edirlər ki, məkrli qüvvələrin məqsədi xalqımzın milli maraqlarına qarşı yönəlib. Onlar xalqın milli maraqlarından çıxış edən, xalqın iradəsi ilə dəstəklənən Azərbaycan hakimiyyətinə təsir etmək, yürüdülən müstəqil siyasətə mane olmağa çalışırlar. Ancaq Azərbaycan dövləti və xalqı anti-Azərbaycan kampaniyası aparan qüvvələrə layiqli cavab verir. Ona görə də, əminliklə deyə bilərik ki, erməni lobbisi və bəzi xarici dairələrin təsiri altında həyata keçirilən bu çirkin kampaniya əvvəlkilərtək uğursuzluqla nəticələnəcək.

Ermənilərin konyak diplomatiyasının girovları

Həmçinin, qarayaxma kampaniyalarında siyasi sifarişləri yerinə yetirərək, korrupsiyalara bulaşmış bir sıra xarici media qurumları da var ki, onlar erməni lobbisinin konyak diplomatiyasının girovlarına çevriliblər. Məhz bu qəbildən olan medialarda, məsələn, "Washington Post", "The Guardian", “BBC”, “Amerikanin səsi” və s. qurumlarda zaman-zaman Azərbaycanla bağlı mənfi yazılar oxuyanda bu hisslər daha çox görünməyə başlayır. Belə ki, əgər nəzərə alsaq ki, vaxtaşırı və planlaşdırılmış şəkildə yürüdülən qarayaxma kampaniyalarına xeyli sayda qlobal çirkab maşınlarının qoşulması da bəllidir. Yəni bütün bunlar bir mərkəzdən yönləndirilir – həmin mərkəzdən ki, öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda bunun nəyə aparıb çıxardığını isə biz indi xaos girdabında çabalayan bir çox ölkələrin, xüsusilə “ərəb baharından” paylarını almış Liviyanın, Suriyanın, Yəmənin və s. ölkələrin təcrübəsində görürük.

Azərbaycana qarşı məlum kampaniyalar daxilində informasiya müharibələri də aparılır. Bu amil də, məqsəd olaraq, dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaq, "5-ci kolon" yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdən ibarətdir. Əlbəttə ki, burada öz iqtisadi maraqları olan qaranlıq dairələrin olması şübhəsizdir. Fəqət, fakt budur ki, illərdir ki, belə çirkin siyasətləri ilə ölkəmiz, dövlətimiz ətrafında var-gəl edən məlum qərəzli təşkilat və qurumlar və onların Azərbaycandakı nökərləri bu dəfə də ağır məğlubiyyət alaraq, “beşinci kolon” adı altında düşdükləri çirkab bataqlığında məhvə sürünəcəklər. Hər zaman belə olub, bu dəfə də belə olacağına heç bir şübhə yoxdur.

Rövşən NURƏDDİNOĞLU