Şimali Makedoniyada da ölkə prezidenti ikinci turda müəyyənləşə bilər

22 Aprel 2019 00:17 (UTC+04:00)

Şimali Makedoniyada aprelin 21-də keçirilən prezident seçkilərində ölkənin hakim partiyası Makedoniya Sosial-Demokrat İttifaqının (SDİ) namizədi Stevo Pendarovski iki rəqibini - ölkə müxalifətinin namizədi Qordan Silyanovsk-Davkovu və iki alban partiyasının vahid namizədi, Makedoniyanın Avropa İttifaqındakı keçmiş səfiri Blerim Rekanı nisbətən qabaqlayır.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Makedoniyanın Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatında bildirilib.

Bülletenlərin 57 %-nin açılmasından sonra Pendarovskinin 45, 51 % səslə liderlik etdiyi məyyənləşib. Silyanovsk-Davkov 41,28%, Reka isə 11,76% seçici səsi qazanıb.

Makedoniya konstitusiyasına əsasən, namizədlərdən hər hansı biri 50%-dən çox seçici səsini qazana bilməsə, mayın 5-də prezident seçkilərinin ikinci turu keçiriləcək.