Poroşenko məğlub oldu: “Gələn ay prezidentlik postunu tərk edəcəyəm"

21 Aprel 2019 22:22 (UTC+04:00)

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Mübarizə məşhur şoumen Vladimir Zelenski və hazırki Prezident Pyotr Poroşenko arasında gedib. Hər iki namizəd Ukraynanın yeni prezidenti olmaq uğrunda mübarizə aparıblar. Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

Milli "ekzit-poll"un nəticələrinə görə, V.Zelenski 72,3 faiz səslə ikinci turun qalibidir. Hazırki prezident Poroşenko isə 25,3 faiz səs toplayıb. Hazırki prezident Pyotr Poroşenko seçkilərdə məğlubiyyətini etiraf edib: “Artıq növbəti ayda prezidentlik postunu tərk edəcəyəm. Ukraynalılar belə qərar verdilər. Mən bu qərarı qəbul edirəm. Lakin onu da vurğulamaq istəyirəm ki, mən siyasəti tərk etmirəm”.

Zelenski “ekzit-poll” nəticələrini şərh edib. O, dəstəyə görə tərəfdarlarına təşəkkür edib: “Biz bunu birlikdə etdik. İndi pafos olmayacaq, mən sadəcə təşəkkür etmək istəyirəm. Dəstək üçün öz valideynlərimə, həyat yoldaşıma təşəkkür edirəm. Komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə, bir sözlə hamıya təşəkkür edirəm”.