Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib

21 Aprel 2019 01:04 (UTC+04:00)

Qırğızıstanın Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təşkil olunan tədbirlər çərçivəsində etnofestival keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan nümayəndələri etnofestivalda qonaq qismində iştirak ediblər.

Azərbaycanı bu tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Etnofestivalda Oş vilayətinin bütün rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini, musiqilərini təqdim ediblər. Qırğızıstanda məşhur olan “Manas”ın təbliğatçıları eposdan parçalar söyləyiblər. Həmçinin iştirakçı ölkələrin musiqiləri səsləndirilib. Etnofestival çərçivəsində keçirilən tədbirlər gün ərzində davam edib.