Lənkəranda idmançılar üçün maarifləndirici tədbir keçirilib

20 Aprel 2019 12:41 (UTC+04:00)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə idman ictimaiyyətinin rolunun artırılması" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər Gənclər və İdman İdarəsində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin əməkdaşları və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İdarənin rəis müavini Elbəy Fətəliyev çıxışında "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı haqqında məlumat verib. Qeyd edib ki, proqramda dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi əsas yer tutur.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında qeyri-ənənəvi dini cərəyanlar, onların təbliğat metodları və həmin cərəyanlara qarşı aparılan mübarizə tədbirləri haqqında iştirakçıları məlumatlandırıb. E.Həmidli dini radikalizmə qarşı mübarizə və gənc nəslin radikal dini qruplara qoşulmasının qarşısını almaq üçün onların düzgün dini bilgilərə yiyələnməsinin vacibliyinə diqqət çəkib. Natiq ölkəmizdə tarixən mövcud olan müxtəlif dinlər və məzhəblər arasında hökm sürən həmrəylik və vəhdətdən danışıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Vəhdət qanımızdadır" adlı sənədli film nümayiş edilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu