"UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək" - AÇIQLAMA

19 Aprel 2019 11:04 (UTC+04:00)

"Ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir". SİA-nın məlumatına görə, bu sözləri Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib.

O, əlavə edib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda geniş qeyd olunur: "Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur, “açıq qapı” günü təşkil edilir. Bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya İrs və Qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir".