Təhsil islahatlarının mahiyyəti və həyata keçirilməsi istiqamətləri

18 Aprel 2019 19:59 (UTC+04:00)

Hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin səviyyəsidir

İlham Əliyev

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü dəyişikliklərin aparılması zərurəti yaranmış və geniş islahatlara başlanmışdır. "Təhsil millətin gələcəyidir" deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin hərtərəfli bilik və bacarığa malik mütəxəssislər kimi yetişməsi üçün misilsiz xidmətlər göstərmişdir. Hələ Sovetlər Birliyi dövründə ölkədə müxtəlif zəruri ixtisaslar üzrə milli kadrlar hazırlayan təhsil müəssisələrinin açılması, gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmələri Ulu Öndərin uzaqgörən siyasətinin və təhsilin inkişafına verdiyi dəyərin ifadəsi idi.

Müstəqillik dövründə də təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin təşəbbüskarı və banisi Ümummilli Liderimiz Heydər Əliyevdir. Ulu Öndər dünya elmində və təhsilində baş verən yeni çağırışlarla ayaqlaşmaq üçün təhsil sahəsində aparılacaq islahatlar barədə fikirlərini belə ifadə edirdi: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Təbii ki, belə bir şəraitdə Azərbaycan özünün təhsil nailiyyətləri ilə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqla, daha böyük uğurlara nail ola bilər".

Aparılan təhsil islahatının əsas məqsədi yeni yanaşmalar əsasında təhsilin səmərəliliyini yüksəltmək, beynəlxalq təcrübədə olan müsbət cəhətlərin milli təhsilə tətbiqini sürətləndirmək, bütövlükdə, təhsilin səviyyəsini yüksəltməkdən ibarət olmuşdur. Dünya təcrübəsi də göstərir ki, iqtisadi cəhətdən qüdrətli ölkələr sürətli inkişafa yalnız təhsil səviyyəsini yüksəltmək, insan kapitalını inkişaf etdirmək yolu ilə nail ola bilmişlər. Təhsilin müasir standatrtlar səviyyəsinə yüksəldilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaratmış və 15 iyun 1999-cu il tarixdə imzaladığı Sərəncamla "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" təsdiq edilmişdir.

Proqramda irəli sürülən "Demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" ideyası Azərbaycanda təhsil standartlarının yeni dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, elmi araşdırmalarımız zamanı bütün bu prinsiplərin əxlaq və mənəviyyat kitabımız olan Qurani-Kərimin ayələrindəki bəşəri ideyaları özündə əks etdirən fikirlərlə üst-üstə düşdüyünün şahidi olduq. Məsələn, fərdiləşmə prinsipinə "Bəqərə" surəsi, 286-cı ayədə "Hər bir canlını daşıya biləcəyi qədər yükləyin" cümləsini misal göstərmək olar.

Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, təhsilalanları informasiya cəmiyyətinin fəal üzvlərinə çevirən təhsil islahatları uğurla davam edir. "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" deyən ölkə Prezidenti İlham Əliyev inkişafda təhsilin rolunu yüksək dəyərləndirərək, bu vacib sahənin inkişafı üçün ardıcıl qərarlar qəbul etmişdir. Təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin monitorinqinin aparılması, təhsil sahəsində inkişafyönümlü tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə Prezidenti "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında" 30 may 2005-ci il tarixli Sərəncam imzalamışdır.

Bu gün ölkdə aparılan təhsil islahatlarının mərkəzində konseptual xarakterli çərçivə sənədi kimi milli kurikulumun tətbiqi dayanır. Kurikulum təhsil pillələri üzrə təlimin nəticələrini və məzmun standartlarını, nəzərdə tutulan fənləri, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqinin aparılmasını əhatə edir. "Kurikulum" sözü latın mənşəli olub dilimizdə "kurs", "yol" mənasını verir. Dilimizə daxil olduğu ilk vaxtlarda (1990-cı illərin sonunda) "təhsil planı" kimi tərcümə olunmuş, sonralar rəsmi sənədlərdə kurikulum kimi saxlanmışdır.

Ənənəvi təhsil proqramından fərqli olaraq, müasir kurikulum şəxsiyyətyönümlü, nəticəyönümlü, tələbyönümlü, şagirdyönümlüdür. Daha dəqiq desək, təhsil sahəsində fəaliyyət təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət edir, fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarını nəzərə almaqla, həyata keçirilir. Burada fənlərin inteqrativliyi - təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsi əsas prinsip kimi qəbul olunmuş, təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbini müəyyən edən qiymətləndirmə standartları və mexanizmləri müəyyənləşdirilmişdir.

Respublikamızda müstəqil, milli və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində görülmüş işlər öz nəticələrini verməkdədir. Hazırda tətbiq edilən tədris proqramları müasir tələblərlə səsləşir, təhsilalanların bilik və bacarıqlarını, təfəkkür və düşüncə tərzini tələb olunan səviyyədə inkişaf etdirməyə imkan verir. Yüksək nailiyyətlərin və arzu edilən nəticələrin əldə edilməsi üçün isə bu işi həyata keçirən təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşür. Təhsilverənlər işə peşəkarlıqla yanaşmalı, kreativ yanaşmanı, yeni təlim texnologiyaları və metodlarını öz fəaliyyətində tətbiq etməyi bacarmalıdır.

Qürur hissi ilə vurğulamalıyıq ki, bu gün Naxçıvan Muxtar Respublikasında təhsilin məzmununun tələb edilən səviyyədə müəyyənləşdirilməsi digər bölgələrlə müqayisədə həm infrastruktur, həm də kadr hazırlığı baxımından xeyli irəli getmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikadakı təhsil ocaqları daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Müntəzəm diqqət və qayğı sayəsində müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil daha geniş vüsət alır, təhsil müəssisələrinin maddi-texniki, tədris bazası ciddi surətdə möhkəmləndirilir.

Təhsilin inkişafına dövlətin göstərdiyi yüksək diqqət və qayğı gənc nəslin sağlam ruhlu, yüksək intellektli, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcək vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə əminlik yaradır. Hər bir təhsil işçisi təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalı, öz bilik və bacarığını sərf edərək, gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışmalıdır.

Adi müəllim tərif edir, yaxşı müəllim izah edir, əla müəllim göstərir, dahi müəllim ilham verir. Gəlin, öyrədən müəllimlərdən ilham verən müəllimlərə çevrilək.

Ruhəngiz Əliyeva,

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi