Aslanla Xədicənin növbəti qurbanı – jurnalist Rauf Sultanov ŞİKAYƏT ZƏNGİ

18 Aprel 2019 20:02 (UTC+04:00)

Şikayətçi: “Bizi məhvə sürükləməyin!”

Axşam saatlarında “Səs” İnformasiya Agentliyinin (SİA) redaksiyasına telefon zəngi daxil oldu və xəttin o başından özünü təqdim edən şəxs Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində məhkəmənin qərarı ilə həbs cəzası çəkən jurnalist Raif Sultanov olduğunu bildirdi. Redaksiyamıza zəng etməsinin səbəblərini deyən Rauf Sultanov amerikapress.com saytının baş redaktoru, eləcə də İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədr müavini olduğunu bildirdi.

Rauf Sultanov qeyd etdi ki, o, 2017-ci ilin dekabr ayında Cinayət Məcəlləsinin 311.3.4 (rüşvətalma) maddəsi ilə həbs cəzası alsa da, sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində cəzası 182.1 maddəsi ilə yüngülləşdirilib. Hətta bu maddədə zərərçəkən şəxs iş üzrə tanınmayıb. Bu baxımdan, onun azadlığa çıxmaq şansı və ümidləri daha da artıb. Şikayətçi bildirib ki, onun həm də birinci qrup əlillik dərəcəsi var.

Lakin şikayətinin məğzinə gəldikdə isə, onun ifadələri həqiqətən də şok effekti yaradıb. Belə ki, Rauf Sultanovun dediyinə görə, onun ailəsi hər zaman dövlətə və dövlətçiliyə sadiq olub və heç vaxt milli maraqlar əleyhinə hər hansı bir siyasi fəaliyyət göstərməyib. O cümlədən, bacısı Aynur Sultan Gülişıq ABŞ-ın Çikaqo ştatında yaşayır, Azərbaycanın milli-dövlətçilik maraqlarından çıxış edən Amerikanın Orta Qərb Ştatlarının Azərbaycan Mərkəzinin aparıcı üzvlərindəndir.

O, şikayəti əsnasında qeyd edib ki, özünü xəbəri olmadan, özlərini “hüquq müdafiəçiləri” adlandıran Aslan İsmayılovla Xədicə İsmayılovanın hədəfinə çevrilib. Daha dəqiq desək, bu şəxslər Rauf Sultanovun adından sui-istifadə edərək, Qərbin müxtəlif insan haqlarının müdafiəsi təşkilatlarına onun “vicdan məhbusu” olması barədə məktublar göndərir, bu vasitələrə “vicdan məhbusu” siyahısına daxil edib, qrantlar qazanmağa cəhd göstərirlər. “Artıq bir neçə dəfə mənim adımı öz siyahılarına salan Aslan İsmayılov və Xədicə İsmayılova məni çox pis vəziyyətdə qoyurlar”, deyən şikayətçiyə görə, onun heç zaman siyasi cəhətdən anti-dövlətçi, yaxud digər fəaliyyəti olmayıb: “Sadəcə, media adamı olduğuma görə, bu adımdan öz səmərələri üçün istifadə etməyə çalışırlar. Xahiş edirəm mənim bu şikayətimi ictimailəşdirin və hər kəs bilsin ki, mən heç yerə heç bir məktub yazmamışam, müraciət etməmişəm. Aslan İsmayılov və Xədicə İsmayılova məni öz çirkin oyunlarına qatırlar, mən bu oyunlarda iştirak etməyi birmənalı olaraq rədd etmişəm, bundan sonra da edəcəyəm!”.

Həbsdə olan sayt rəhbəri qeyd edib ki, artıq 2019-cu il mayın 1-də hakim Rizvan Səfərovun sədrliyi ilə onun işinə yenidən baxılacaq: “İnanın ki, mən atamın, anamın, ailə üzvlərimin yanında üzüqarayam. Çünki mənim heç vaxt Azərbaycan dövlətinin əleyhinə çıxışlarım olmayıb. Ancaq Aslan İsmayılov, Xədicə İsmayılova, hətta AXCP sədri Əli Kərimli, “Milli Şura”nın təmsilçiləri Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqaları məni özlərinə “yem” kimi görürlər, həyasızcasına adımı “siyasi məhbus”, “vicdan məhbusu” kimi qondarma siyahılarına daxil edirlər. Bu heç bir mənəviyyata, insanlığa, normal düşüncəyə malik olmayan addımlardır ki, mənə qarşı atılır, o cümlədən, azadlığa çıxmağıma mane olur. Mən onlara demək istəyirəm, bizi məhvə sürükləməyin!”.

Rauf Sultanov bu kimi məsələlərdə tək olmadığını, adlarını çəkdiyi “hüquq müdafiəçilərinin” cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların ailələri ilə görüşərək, onlardan pul aldıqlarını, bu vasitə ilə həmin insanların adlarını saxta siyahılara yazdıqlarını bildirib.

Həmçinin onu da qeyd edib ki, onun həbsxanada heç bir problemi yoxdur, müalicə alır, qidalanması yüksək səviyyədə təmin edilir, habelə, həbsxana rəhbərliyi ilə münasibəti çox yaxşıdır: “Mən, fürsətdən isrifadə edərək, ədliyyə nazirimiz cənab Fikrət Məmmədova, Penitensiar Xudmətin rəisi cənab Ceyhun Həsənova göstərdikləri fəaliyyətlərinə, diqqət və qayğılarına görə dərin minnətdarlığımı bildirirəm. “Səs” qəzetinin redaksiyasına başda rəhbərliyiniz olmaqla, səsimə-səs verdiklərinə görə sonsuz təşəkkürlərimi bildiirirəm”,

Qeyd edək ki, bu məsələnin daha dərindən araşdırılaraq ictimaiyyətə təqdim edəcəyik. Araşdırmamız davam edir.

Rövşən RƏSULOV