ANAMA: Lənkəranda top mərmisi tapılıb

18 Aprel 2019 19:19 (UTC+04:00)

Lənkəran rayonunda top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, aprelin 18-i saat 13:46-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125mm-lik top mərmisi (BM-17) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.