"Əminəm ki, bu əsərlər bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq"

18 Aprel 2019 18:02 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yazdığım üçcildliyin türk dilinə tərcümə olunması və yüksək təşkilatçılıqla Ankarada Türkiyə ictimaiyyətinə çatdırılması mənim üçün çox sevindiricidir. Ümidvaram ki, kitablar yaxın zamanlarda daha çox tirajla təkrar çap olunacaq.

Bu fikirləri açıqlamasında “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin müəllifi Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova söyləyib. Xalq yazıçısı bildirib ki, əsərlər tanınmış tərcüməçi Azad Ağaoğlu tərəfindən türk dilinə mükəmməl şəkildə tərcümə edilib və qısa zamanda Türkiyədə geniş oxucu rəğbəti qazanacaq. Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Bütün bu işlərin keyfiyyətlə görülməsi Heydər Əliyev şəxsiyyətinə olan yüksək ehtiramı nümayiş etdirir. Xalq yazıçısı deyib: “Mən həmişə arzu edirdim ki, Ulu Öndərə həsr edilən bu əsərlər türk dilinə də tərcümə olunsun. Ankarada keçirilən təqdimatdakı izdiham, xüsusilə gənclərin kitaba göstərdikləri böyük maraq məndə çox dərin təəssürat yaratdı. Ümummilli lider Heydər Əliyev Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük məhəbbətlə sevilir, onun şəxsiyyətinə ehtiram göstərilir. Əminəm ki, ulu öndər Heydər Əliyevin həyat yoluna işıq salan əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq”.