YAP Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatı gənclər birliyinin hesabat-seçki yığıncağı keçirilib

18 Aprel 2019 16:40 (UTC+04:00)

Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatının gənclər birliyinin hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyublar. Tədbirdən öncə, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının keçdiyi böyük və şərəfli yoldan danışıb. O, müstəqilliyin ilk illərində səriştəsiz insanların yürütdüyü siyasət nəticəsində, ölkəmizin ciddi sosial-iqtisadi böhran keçirdiyini, Azərbaycanın parçalanma ərəfəsində olduğunu qeyd edib. N.Əliyeva, məhz belə bir mürəkkəb dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyini, respublikamızı fəlakətlərdən xilas etmək kimi son dərəcə ağır missiyanı üzərinə götürdüyünü bildirib. O, YAP-ın, Ümummilli Liderin rəhbərliyi altında vaxtında siyasi meydana gəldiyini, partiyanın ətrafına toplanmış fəal siyasi qüvvələrin və müdrik insanların dövlət quruculuğu işinə səfərbər olduqlarını qeyd edib. Rektor gəncləri dövlət başçısı və YAP-ın ətrafında sıx birliyə çağırıb. O, Azərbaycanı həm daxildə, həm də xaricdə sevməyən qüvvələrin olduğunu bildirib, onların hər addımda dövlətçiliyimizə qarşı ideoloji, siyasi təxribat aparmağa hazır olduqlarını qeyd edib. N.Əliyeva bu səbəbdən, gəncləri sosial şəbəkələrdə ayıq olmağa və dövlətçiliyimizi müdafiə etməyə səsləyib.
Sonra YAP Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatının sədri Sevinc Axundova iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
Yığıncaqda çıxış edən BSU gənclər birliyinin sədri Şirin Hüseynzadənin universitet üzrə illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. Şirin Hüseynzadənin hesabatına dair iştirakçıların rəyi dinlənilib. Hesabat qənaetbəxş hesab olunub. Ş.Hüseynzadənin fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıblar.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində, BSU ərazi ilk partiya təşkilatı gənclər birliyinin idarə heyətinin üzvləri müəyyənləşdirilib. Universitetin III kurs tələbəsi Murad Sadıqov BSU ərazi ilk partiya təşkilatı gənclər birliyinin sədri, II kurs tələbələri Nadir Qədirli və Lalə Məmmədzadə isə müavinləri seçilib.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, YAP milli siyasi iradəni, habelə, xalqımızın milli maraqlarını təmsil edən vahid və aparıcı siyasi qüvvədir: «Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.» Sonda partiyaya üzv olan altı tələbəyə üzvlük vəsiqələri təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA