Yeniyetmə oğlanların 56, qızların isə 44 faizi qumar oynayır Gürcüstanda

18 Aprel 2019 09:20 (UTC+04:00)

Gürcüstanda 14-18 yaş arasında olan yeniyetmələrin böyük əksəriyyəti onlayn qumar oynayır. SİA xəbər verir ki, bu barədə ölkənin qeyri-hökumət təşkilatları məlumat yayıblar.

Məlumatda deyilir ki, QHT-lər ölkədə yeniyetmə və gənclərin asudə vaxtlarını necə keçirməsi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, ölkədə həddi-büluğa çatmamış şəxslərin onlayn qumar oyunlarında iştirakı sürətlə artır. Bu gün ölkədə yeniyetmə oğlanların (14-18 yaş arası) 56 faizi, qızların isə 44 faizi fəal olaraq onlayn qumar oyunlarına qoşulub.

Mütəxəssislər bunun çox təhlükəli olduğunu iddia edirlər. Bildirilir ki, yeniyetmə və gənclərin qumar oynaması ilə bağlı qanunla müvafiq qadağalar mövcud olsa da, bu qadağalar onlayn qumar oyunlarına şamil edilmir. Bu da yeniyetmələrin onlayn qumar oyunlarına daha çox cəlb olunmasına gətirib çıxarıb.