Bu gün ÇL-də 1/4 finalın növbəti oyunları keçiriləcək

16 Aprel 2019 12:53 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə ilk iki vəsiqə qazanan komandaların adları məlum olacaq. SİA-nın məlumatına görə, bu mərhələnin ilk oyun günündə qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunacaq.

İtaliyanın “Yuventus“ klubu Hollandiyanın “Ayaks” komandasını, “Barselona” (İspaniya) isə “Mançester Yunayted” (İngiltərə) kollektivini qəbul edəcək.

Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan “Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz bərabərlik də kifayət edəcək. “Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaq. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edir.

Bu matçda Hollandiya komandasının heyətində Nikolas Talyafiko cəzalı olduğu üçün iştirak etməyəcək. Hassan Bande zədə səbəbindən oyuna çıxmayacaq. Əzələsində kiçik zədəsi olan Frenki de Yonqun oyunda iştirak edib-etməyəcəyi isə sual altındadır. “Qoca Sinyora”nın heyətində cəzalı futbolçu yoxdur. Zədəli Martin Kaseres, Mattia Perin, Andrea Bartsalyi və Emre Canın oynamayacağı isə dəqiqdir.

Doğma meydanda 0:1 hesabı ilə məğlub olan “Mançester Yunayted”in isə cavab qarşılaşmasında qələbədən başqa şansı yoxdur. “Mançester Yunayted” 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə indiki baş məşqçi Sulşer futbolçu qismində iştirak edib. Oyunun 81-ci dəqiqəsində meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub.

“Barselona” isə doğma meydanda keçirdiyi 4 qarşılaşmanın heç birində “qırmızı şeytanlar”a məğlub olmayıb - 2 qələbə, 2 heç-heçə. Kataloniya təmsilçisi, həmçinin Çempionlar Liqasında “Nou Kamp”da keçirdiyi ardıcıl 30 matçda məğlubiyyətin nə olduğunu bilmir. Qonaqların heyətində Lük Şou cəzalı, Erik Bayi, Matteo Darmian, Antonio Valensiya və Aleksis Sançes isə zədəli olduqlarına görə meydana çıxa bilməyəcəklər. Meydan sahiblərində isə cəzalı və zədəli futbolçu yoxdur.