Azərbaycana aid fotoşəkillər Çexiyada nümayiş etdirilib - SƏRGİ

16 Aprel 2019 10:32 (UTC+04:00)

Çexiyada Azərbaycan mədəniyyətinə dair sərgi vernisajı təşkil olunub. Ostrava Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycanın Çexiyadakı səfirliyinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın qədim, orta əsrlər və müasir dövrlərə aid memarlıq abidələrini, eləcə də ölkəmizin təbiətini əsk etdirən 29 fotoşəkil sərgilənib. SİA-nın məlumatına görə, Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Mirnaib Həsənoğlunun, Əminə Mirlinin, Fərqanə Qasımlının, Rauf Umudovun, Fətəli Fətəliyevin və İsmayıl Kərimovun çəkdikləri və sərgi üçün təqdim etdikləri bu fotoşəkillərdə əsasən Azərbaycanda olan qədim alban kilsə və manastır komplekslərindən Xudavənd, Kiş, Pəri qalası kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray kompleksləri, Azərbaycanın UNESCO-nun Mədəni İrsi Siyahısına daxil edilmiş "Qız qalası" kompleksi, polyak əsilli memarlar İosif Qoslavskinin, Kazimir Skureviç, İosif Ploşkonun Bakıda inşa etdikəri barokko və qotika üslublu binalar, Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının və İslam Həmrəylik Oyunlarının keçirildiyi idman arenaları əks olunub. Bunlarla yanaşı, ölkəmizdəki palçıq vulkanlarına, Naxçıvanda yerləşən "İlandağ"ına və "Duzdağ"ı fizioterapiya mərkəzinə dair fotoşəkillər yer alıb.

Sərginin məqsədi Azərbaycan xalqının qədim tarixə və mədəniyyətə malik olduğunu, müxtəlif dini konfessiyalara aid ibadətgahların hazırda da fəaliyyət göstərdiyini, Azərbaycan xalqının multikultural dəyərlərə sevgi və hörmətlə yanaşdığını göstərməkdir.

Tədbirdə çıxış edən Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın zəngin tarixə və mədəniyyətə sahib ölkə olduğunu bildirib.

Daha sonra Azərbaycanın Çexiydakı səfirinin köməkçisi Eldar Vəliyev və Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov çıxış edərək Çexiya və Azərbaycan münasibətlərindən, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əlaqələrindən bəhs ediblər.

Daha sonra Heydər Əliyev Fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı qısa videoçarx nümayiş etdirilib, Azərbaycanın bayrağı və rəqsləri barədə məlumat verilib.