Çaylarda suyun səviyyəsi dəyişdi

16 Aprel 2019 08:58 (UTC+04:00)

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 50-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 40-100 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 313 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 527 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 142 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 168 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub .

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 366 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 15-də isə 344 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 129 sm qeydə alınıb. 2018-ci il aprelin 15-də isə bu rəqəm 185 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm azalıb və 154 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 108 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 165 sm olub və bu göstərici 2018-ci il aprelin 15-də 186 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 sm artaraq 94 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 15-də isə 60 sm təşkil edib.