Narkotik vasitələrə qarşı mübarizə birgə əməkdaşlıqla mümkündür MÖVQE

15 Aprel 2019 15:37 (UTC+04:00)

"Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada bu dövriyyəni həyata keçirən mütəşəkkil cinayətkar qruplara qarşı qəti mübarizə aparılır. Təmsil etdiyim Narkotiklərlə Mübarizə Assosiasiyası bu işə mühüm töhfə verir. Bu sahədə uğur qazanmaq üçün bütün ölkələrin birgə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) da bu baxımdan əhəmiyyəti böyükdür". SİA xəbər verir ki, bu fikirləri bu gün, aprelin 15-də Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında Narkotiklərlə Mübarizə Assosiasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon deyib.

Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirən U.Dillon ölkə ərazisinə narkotik vasitələrin əsasən cənub istiqamətindən daxil olması ilə bağlı suala cavabında deyib: “Bu məsələ də Bakı konfransının qarşısında duran əsas mövzulardan biridir. Konfransın məqsədi mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, bu mübarizənin yolları və üsullarını müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməkdir. Bütün bu məsələlər konfrans çərçivəsində təşkil olunacaq regional sessiyalarda müzakirəyə çıxarılacaq”.

U.Dillon xüsusilə qeyd edib ki, “Narkotiklərlə Mübarizə Assosiasiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əziyyət çəkən ölkələrə və bölgələrə yardım göstərməyə çalışır. Bu məqsədlə kiçik regional koalisiyaların yaradılması ilə birgə tədbirlərin görülməsi və fəaliyyətin əlaqələndirilməsi böyük səmərə verir. Çünki narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə yalnız birgə əməkdaşlıq şəraitində həyata keçirilə bilər”.