Salome Zurabişvili: “Brexit arzuolunmazdır”

15 Aprel 2019 14:44 (UTC+04:00)

“Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) iqtisadi cəhətdən Avropa İttifaqını zəiflədirsə, arzuolounmazdır. Lakin bu, Britaniya xalqının seçimidir”. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstanın prezidenti Salome Zurabişvili “Caspian Energy” jurnalına verdiyi eksklüziv müsahibəsində deyib.

Britaniyalıların böyük hissəsinin Aİ-dən çıxmağın lehinə səs verməsinə təəssüfünü bildirən Gürcüstanın prezidenti söyləyib ki, Böyük Britaniya Avropa Birliyinin ən nəhəng iqtisadi güclərindən, mühüm partnyorlarından biridir.

Onun sözlərinə görə, bundan əlavə, Böyük Britaniya Xəzər regionunda ən uzunmüddətli iştiraka, həmçinin iş təcrübəsinə malikdir: “2018-ci ildə Böyük Britaniya Azərbaycandan sonra Gürcüstanda ikinci ən böyük investor olub”.

Brexit-in Gürcüstanda və Xəzər-Qara dəniz regionunun böyük hissəsində Böyük Britaniyanın iştirakına və ya BP-nin əməliyyatlarına mənfi təsir göstərə biləcəyinə şübhə etdiyini deyən Salome Zurabişvili vurğulayıb ki, Brexit Aİ-də assosiasiyalaşdırılmış üzvlüyü məhdudlaşdırmayacaq və Gürcüstan bütün Aİ ölkələri ilə yaxın əlaqələri davam etdirəcək.

O əlavə edib ki, Brexit çərçivəsində Gürcüstanın qoşula biləcəyi yeni imkanlar, yeni formatlar üzə çıxa bilər.