“Nəsimi ili” ilə əlaqədar pleykast hazırlanıb

15 Aprel 2019 14:41 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar pleykast hazırlanıb. Kitabxanadan SİA-ya bildirilib ki, pleykastda İmadəddin Nəsiminin fotoşəkli, şairin kitabı, üzərində fotoşəkli olan xalça, 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli, şairin Hələbdəki (Suriya) məzarı və “Nəsimi” metrostansiyasının kollajının fonunda 17 aktiv nöqtə yerləşdirilib. Burada “Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezidentin sərəncamları, Nəsimi haqqında Azərbaycan və rus dillərində məlumat, Nəsimi yaradıcılığı haqqında, böyük şair-mütəfəkkirin həyatı haqqında 10 maraqlı fakt, “Nəsimi” kinofilmi, nəsimişünas Səadət Şıxıyevanın araşdırmaları, Kamran Yunisin səsləndirməsində Nəsiminin “Hardasan” qəzəli və s. yer alıb.