Azərbaycan BP ilə Aral gölündə geoloji kəşfiyyat işlərinə başlaya bilər

24 Mart 2019 16:38 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) BP və SOCAR-ın Aral dənizində iki blokda geoloji kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirməsi barədə yayılan xəbəri şərh edib. SİA-nın məlumatına görə, SOCAR tərəflər arasında məsləhətləşmələr aparıldığını, təkliflərə baxıldığını deyib: "Hazırda əməkdaşlıq məhz bu istiqamətdə gedir. Əgər gələcəkdə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul olunsa, ictimaiyyəti məlumatlandıracağıq".

Bundan əvvəl "Podrobno.uz" saytı "Nefteqazinvest" şirkətinin direktor müavini Husniddin Turayevə istinadən yazmışdı ki, BP və SOCAR tərəfindən Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması imkanlarına baxılır:

"Konsorsiumda hər iki şirkət Özbəkistanda işlərə başlayıblar. Onlarla əməkdaşlıq haqqında memoramdum, həmçinin məxfilik barədə saziş imzalanıb. Xüsusilə, şirkətlər Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdən keçirirlər. Ötən il onlara zəruri geoloji məlumat vermişik. Hazırda şirkətlərin nümayəndələri materialları öyrənirlər. Ümid edirik ki, onlar gələcəkdə həmin bloklarda işlərin görülməsi üzrə qərarı yaxın vaxtlarda qəbul edəcəklər".