Evlərə qənim kəsilən 4 oğru tutuldu

23 Mart 2019 14:37 (UTC+04:00)

Ağcabədi rayonunda 3 evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-18-də rayon ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş Z.İbrahimov saxlanılıb.

RPŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə martın 18-də rayon ərazisindəki kafelərdən birindən spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Hüseynov və Ə.İsmayılov saxlanılıblar. Ə.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri R.Əsədov və R.Hüseynovla birgə bu il yanvarın 24-də rayon ərazisindəki evlərdən birindən televizor oğurlaması da müəyyən edilib.