Sel nəticəsində ölənlərin sayı 9-a çatıb

23 Mart 2019 13:36 (UTC+04:00)

İranın Gülüstan, Mazandaran və Şimali Xorasan əyalətlərində baş vermiş sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mazandaran əyalətinin tibbi ekspertiza mərkəzinin sədri Əli Abbasi ötən gün verdiyi açıqlamada bildirib ki, bu əyalətdə sel beş nəfərin ölümünə bir nəfərin isə itkin düşməsinə səbəb olub. Dağıdıcı sel nəticəsində Gülüstan əyalətində 2 və Şimali Xorasan əyalətində 2 nəfər həyatını itirib. İranın türkmənlər yaşayan Gülüstan əyalətinin Ağqala şəhərinin 9 kəndindi sel basıb. Əhali seldən öncə bölgədən təxliyə edilib. Sel hər üç əyalətdə evlərə, infrastruktura və əkin sahələrinə ciddi ziyan vurub.

İran Silahlı Qüvvələri seldən əziyyət çəkən bölgələrdə xilasetmə və yardım əməliyyatları həyata keçirir. İran parlamentinin spikeri, daxili işlər naziri və bir çox məsul şəxslər selin baş verdiyi bölgələrə səfər edib əhalinin problemlərinin həlli istiqamətində işlərin görülməsini sürətləndirmək üçün göstərişlər verib.