“Ölkəmizi tanıyaq” tur-aksiyaları

23 Mart 2019 09:07 (UTC+04:00)

Bu gün "Ölkəmizi tanıyaq" devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil olunan maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə başlanılır. Builki tur-aksiyanın ilk mərhələsi martın 15-dən 18-dək keçirilib. Növbəti mərhələ isə martın 23-dən 26-dək olan tarixləri əhatə edəcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tur-aksiyaların əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.

Tur-aksiyalar dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq altıncı ildir təşkil olunur. Budəfəki - 11-ci tur-aksiyada 6 istiqamət (Bakı, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa, Lənkəran-Masallı-Astara, Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz) üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edir. Bununla da, "Ölkəmizi tanıyaq" tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.

Aksiyanın bu mərhələsində məktəblilərin asudə vaxtlarında "Nə? Harada? Nə vaxt?" intellektual oyunları da təşkil olunacaq.