Qubada Novruz şənliyi keçirilib

22 Mart 2019 16:09 (UTC+04:00)

Quba rayonunda Novruz şənliyi keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbir atlıların müşayiəti ilə Dədə Qorqudun Bahar qızının, Kosa və Keçəlin meydana daxil olması ilə başlayıb. Bahar qızı bayram iştirakçılarını təbrik edərək hamıya bol ruzi arzulayıb. Daha sonra Novruz sərgilərinə baxış keçirilib. Qubada yaşayan azsaylı xalqların – tatların, ləzgilərin, dağ yəhudilərinin, xınalıqlıların və buduqluların məişət və mədəniyyətini, mətbəxini əks etdirən güşələr xüsusi maraq doğurub.

Tədbirdə Novruz ənənələri, xalq oyunları, folklor nümunələri nümayiş olunub. Güc pəhləvanın, kəndirbazların rəngarəng çıxışları maraqla qarşılanıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək rayon əhalisini Novruz bayramı münasibətilə təbrik edib. Tədbir konsert proqramı ilə başa çatıb.