Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb FOTO

20 Mart 2019 13:42 (UTC+04:00)

Ağdam rayonu ərazisindəki "N" saylı hərbi hissədə Novruz bayramı münasibətilə bayram konserti təşkil edilib.

SİA xəbər verir ki, Ağdam rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar. Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışılıb, Novruz tonqallarının tezliklə işğaldan azad edilmiş torpaqlarımızda qalanmasına əminlik bildirilib.

Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bayramı onlarla bir yerdə keçirdiklərinə görə Ağdam ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.

Hərbi hissəyə bayram sovqatı verilib. Tədbirdə rayon musiqiçiləri tərəfindən təqdim edilən rəngarəng konsert proqramı əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb.

Sonra rayon ictimaiyyətinin nümayəndələri hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar ediblər.