Kiyevdə Novruz şənliyi

20 Mart 2019 10:55 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyev şəhərində Novruz bayramı ilə bağlı keçirilən beynəlxalq festivalda Azərbaycan xalqının mədəniyyət, milli mətbəx nümunələri təqdim olunub.

SİA-nın məlumatına görə, Kiyev Şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən Novruz festivalında Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Türkiyə stendləri ilə yanaşı, Azərbaycanın stendi də nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin səfirləri Novruz təbriklərini çatdırıblar.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Festivalda Kiyev şəhərinin sakinlərinə, qonaqlarına, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, plov, dolma, kətə paylanılıb.

Sonra iştirakçı dövlətlərin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib.