Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb

20 Mart 2019 02:05 (UTC+04:00)

Gürcüstan parlamenti “Həqiqi hərbi xidmət haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsini dayandırıb. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri, layihənin müəllifi İrakli Sesiaşvili bildirib.

Onun sözlərinə görə, qanun layihəsi geri götürülməyəcək, sadəcə, müzakirəsi müvəqqəti təxirə salınıb.

Deputat vurğulayıb ki, qanun layihəsi ilə bağlı müzakirə və məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, qanuna təklif olunan dəyişikliklərdə yalnız pravoslav din xadimlərinin həqiqi hərbi xidmətdən azad olunması nəzərdə tutulub. Sənədə əsasən, digər dinə qulluq edən şəxslərin hərbi xidmətdən azad olunması hüququ olmayacaq. Qanun layihəsini Gürcüstan Müsəlmanları İdarəsi və digər dini icmalar ciddi narazılıqla qarşılayıb.