Diasporla İş üzrə Dövlət Komitəsi Yekaterinburqda dəyirmi masa keçirib

19 Mart 2019 17:29 (UTC+04:00)

Ural Federal Dairəsinin Azərbaycan diaspor təşkilatları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinın iştirakı ilə Yekaterinburqda “Qlobal çağırışlar: ekstremizmə qarşı mübarizədə diasporun rolu” mövzusunda dəyirmi masa keçiriblər.

Tədbir Sverdlovsk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” tərəfindən təşkil olunub (Mərkəzin rəhbəri Şahin Şıxlinskidir).

Sverdlovsk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatından verilən məlumata görə, Sverdlovsk, Çelyabinsk, Tümen və Perm vilayətlərində, habelə Xantı-Mansiysk və Yamal-Nen muxtar dairələrində fəaliyyət göstərən 25 Azərbaycan diaspor təşkilatının sədrləri və nümayəndələri yığıncağın təşəbbüsçülərinin dəvəti ilə görüşdə iştirak ediblər.

Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi bölməsinin müdiri Ruslan Quliyev və təşkilatın ekspert-analitiki Teymur Atayev də iştirak ediblər. Dəyirmi masada diaspor təşkilatlarının yerli hakimiyyət və yerli özünüidarə orqanlarının mütəxəssisləri ilə qarşılıqlı fəaliyyəti mövzusunda məruzələr dinlənilib, diaspor təşkilatlarının vəziyyəti və perspektivləri, bu cəmiyyətlərin inkişafı ilə bağlı problemlər və onların həlli yolları müzakirə edilib.

Ruslan Quliyev tədbirin qonaqlarını Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayaraq Ural Federal Dairəsinin Azərbaycan diasporunun xüsusi rolunu, onun səmərəli fəaliyyətini vurğulayıb.

Müzakirələr zamanı görüş iştirakçıları tərəfindən toxunulan məsələlər arasında gənclərlə səmərəli qarşılıqlı fəaliyyət üsullarına xüsusi diqqət yetirilib. Nümayəndələr qeyd ediblər ki, məhz gənclər radikal ideyalara daha həssas olur, onların hələ təcrübəsiz olması, bir sıra hallarda isə valideynləri və cəmiyyət tərəfindən onlara tərbiyəvi təsirin olmaması öz mənfi nəticələrini göstərir. Dəyirma masa iştirakçılarının sözlərinə görə, hazırda gənc nəsil ilə ölçülüb-biçilmiş iş, kütləvi idman tədbirləri keçirilməsi, müxtəlif yaş qrupları arasında təhsil layihələrinin reallaşdırılması yolu ilə sağlam həyat tərzinin təbliği prioritet məsələlərdir.

Xantı-Mansiysk muxtar dairəsində yaşayan azərbaycanlı gənclər adından çıxış edən Ruslan Mustafayev deyib: “Diasporların liderləri ilk növbədə mədəni-mənəvi fəaliyyət vasitəsilə gəncləri düzgün məcraya yönəltməlidirlər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə iş üzrə ekspert-analitiki Teymur Atayev əlavə edib ki, azərbaycanlıların gənc nəslinin nümayəndələri onların Rusiyadakı həmvətənlərinin necə yaşamalı və necə işləməli olması barədə xüsusi təsəvvürə malikdir. O deyib: “Burada doğulmuş insanlar eyni zamanda həm Azərbaycanın, həm də Rusiyanın mədəniyyətini mənimsəyir. Onlar Rusiya mentallığını qəbul etməklə bərabər, həm də öz milli identikliyini qoruyub saxlayırlar”.

Sverdlovsk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının rəhbəri Şahin Şıxlinski vurğulayıb ki, diaspor nümayəndələri bilavasitə gənclərlə bağlı iş aparmaqla yanaşı, bütövlükdə cəmiyyətin möhkəmləndirilməsini davam etdirməli, etnik və dini zəmində münaqişələrin qarşısını almalıdırlar. Təşkilat bu məqsədlə müxtəlif sahələrdə çoxaspektli milli-mədəni layihələri fasiləsiz həyata keçirməyə hazırlaşır: Azərbaycan tarixinin əlamətdar günləri, milli bayramlar şərəfinə tədbirlər keçirilməsi, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin nümayiş etdirilməsi, millətlərarası forumların təşkili, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə şərait yaradan festivallarda və digər tədbirlərdə fəal iştirak, yerli hakimiyyət və yerli özünüidarə orqanları da cəlb edilməklə dəyirmi masa və açıq müzakirələr keçirilməsi və s.

Şahin Şıxlinski deyib: “Ekstremizmin hər hansı təzahürlərinin qarşısının vaxtında alınması üzrə işin səmərəli olması üçün cəmiyyətdə etnoslararası və konfessiyalararası münasibətlərin xüsusiyyətini, ekstremizmin mahiyyətini anlamaq zəruridir”.

Tədbirin sonunda millətlərarası münasibətlərin inkişafına və möhkəmlənməsinə töhfələr vermiş, diasporun həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim edilib.