Ağır atletika və boks üzrə milli komandalarımızla görüş keçirilib - FOTO

19 Mart 2019 17:02 (UTC+04:00)

Gənclər və İdman Nazirliyində ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında keçirilən dünya birinciliyində və Rusiyanın Vladiqafqaz şəhərində baş tutan 22 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığma komandalarının üzvləri ilə görüş təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, məşqçilər və idmançılar iştirak ediblər.

Nazir müavini İsmayıl İsmayılov hər iki yarışda uğur qazanan idmançıları təbrik edib. O, ölkədə idmana göstərilən dövlət qayğısından söhbət açıb və Azərbaycanın "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Priləri kimi nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyib. Nazirlik rəsmisi idmançılara Yay Olimpiya Oyunlarında da uğur qazanmağı arzulayıb.

AAAF-ın baş katibi Rizvan Rəsulov ölkə idmanın inkişafından danışıb. O, ağırlıqqaldıranların ABŞ-da böyük uğura imza atdığını deyib: "İdmançılarımız yarışa tam hazır getmişdilər. Nəticələri qənaətbəxş saymaq olar. Bu gənclər gələcəkdə əsas heyəti formalaşdıracaqlar. Ümid edirəm ki, nəticələrimizlə hamını sevindirməyə davam edəcəyik".

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Asif Məmmədov turnirə tam heyətlə yollana bilmədiklərini deyib: "Yarışa daha böyük heyətdə qatıla bilərdik. Ancaq zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik".

Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayev bəzi görüşlərdə hakimlərin ədalətsiz qərarları ilə üzləşdikərini vurğulayıb.

Baş məşqçi Vaqif Şirinov da nəticənin qənaətbəxş olduğunu söyləyib: "Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq. Bu, gənclərin inkişafı üçün önəmli turnir idi. Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər".

Qeyd edək ki, 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yeniyetmə ağırlıqqaldıranlar arasında dünya birinciliyində milli komandamızın 5 üzvü mükafatçılar sırasına düşüb. Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla sahib çıxıb. Rəhman Kazımov (+102 kq) isə təkanla qaldırma hərəkətində qızıl medal qazanıb. Azərbaycan millisi oğlanlar arasında komanda hesabında 5-ci olub.

22 yaşadək boksçular arasında Avropa çempionatında isə Məhəmməd Abdullayev (+90) qızıl, Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) bürünc medal əldə edib. Kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib.