2 milyona yaxın vətəndaş icbari tibbi müayinədən keçib

19 Mart 2019 15:09 (UTC+04:00)

Ölkəmizdə fevralın 12-dən başlanılan icbari tibbi müayinə kampaniyasına artıq 2 milyon nəfərə yaxın əhali cəlb olunub. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onlardan 36 min nəfəri müalicə edilib, 7400 nəfərə yaxın xəstəxanaya yerləşdirilib.

Bundan başqa 2 min 932 nəfərdə infeksion, 879 nəfərdə yeni törəmələr, 5 min 75 nəfərdə qanyaratma orqanlarında, 5 min 26 nəfərdə endokrin sistemi və s. xəstəliklər aşkar edilib.

Müayinədən keçənlər arasında həzm sistemi, virusla yoluxma, dəri, tənəffüs sistemi, görmə və eşitmə pozğunluqları və hamiləliklə əlaqədar xəstəliklərə də rast gəlinib. Tibbi müayinə edilənlərdən 19 min 810 nəfər dispanser qeydiyyatına götürülüb, 7 min 389 nəfər hospitalizasiya edilib, 623 min 503 nəfər isə əlavə müalicələrə cəlb olunub.

Əhalinin icbari tibbi müayinə tədbirləri mayın 12-dək davam edəcək.