Nəsimiyə həsr olunmuş “Poeziya dəqiqələri”

19 Mart 2019 11:53 (UTC+04:00)

AMEA-nın Fəlsəfə İnstitutunda “Nəsimi ili”nə həsr edilən “Poeziya dəqiqələri” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə elmi işlər üzrə direktor müavini, dosent Eynulla Mədətli Nəsimi poeziyasının fəlsəfəsindən söz açıb. O, Nəsimi fəlsəfəsinin insanı kamilliyə gedən yolun təriqət, həqiqət və mərifət məqamlarından keçirərək ən ali məqama-həqiqətə yüksəltdiyini xüsusi qeyd edib. İmadəddin Nəsiminin Azərbaycan ədəbi dilinə verdiyi töhfələri diqqətə çatdıran alim deyib: “Nəsimi insanı ucaldan şairdir, bu, onun poeziyasının özəlliklərindən biridir. Nəsimi dünyası bütün dinlərdən ucada durur, çünki o, bütün dinlərə eyni münasibətlə yanaşırdı. Bunları onun yaradıcılığında da görmək mümkündür. Ona görə Nəsimi yaradıcılığına yanaşanda bu məqamlara xüsusi diqqət yetirməliyik”. Sonra institutun əməkdaşları Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər. Tədbirdə tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu və “525-ci qəzet”in redaktoru, tənqidçi-ədəbiyyatşünas Seyfəddin Hüseynli çıxış edərək səslənən şeirlər haqqında fikirlərini bölüşüblər.