Dağıstan Xalq Məclisinin sədri Lənkəranda çayçılıq təsərrüfatında olub

16 Mart 2019 17:07 (UTC+04:00)

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti Lənkərana iki günlük səfər edib. SİA-nın məlumatına görə, bölgəyə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində dağıstanlı qonaqlar Araz Yağubovun rəhbəri olduğu çayçılıq təsərrüfatı ilə tanış olublar. Araz Yağubov təsərrüfat barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, uzun müddət Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olub. Burada ali iqtisadi təhsil alıb. Lakin doğma yurdu ilə əlaqəsini heç vaxt kəsməyib. Durğunluq illərində çayçılıq kimi gəlirli bir sahənin sıradan çıxarılması ona da təsirsiz keçməyib. Bu səbəbdən vətənə qayıdıb. Ölkədə yaradılan münbit şəraitdən bəhrələnərək 2006-cı ildə Azərbaycan çayının yenidən bərpa olunması və daha da inkişaf etdirilmisi məqsədilə “ Yaşıl çay” fermer təsərrüfatını yaradıb.

2012-ci ildən indiyədək 70 hektara yaxın çay plantasiyası salınıb. Müəssisənin nəzdində mini emal sexi fəaliyyətə başlayıb. Burada “Lənkəran çay” brendi altında 24 növdə yüksək keyfiyyətli quru çay istehsal edilir. “Buket”, “Gül çay”, “Xan çayı”, “Narın çay”, “Feyxoa çayı”, “Araz çay” və digər çaylar alıcılar və mütəxəssislər tərəfindən yüksək qiymət alıb. İlk dəfə müəssisədə istehsal edilmiş “Feyxa çayı” Moskva şəhərində elmi-tədqiqat laboratoriyasında tədqiq edilmiş və ən yüksək qiymətə layiq görülüb. “Ekstra”, “Premium”, “Tibet çay”, “Zəncəfil Qold” və digər ekoloji cəhətdən yüksək keyfiyyətli çayları dərin alıcı rəğbətini qazanıb. Artıq müəssisədə istehsal olunan çaylar respublikamızda təşkil edilən bir sıra sərgilərdə dəfələrlə nümayiş olunmuş və yüksək qiymətləndirilib. Hazırda təsərrüfatın əsas məqsədlərindən biri ekoloji cəhətdən təmiz çay məhsullarının istehsalını artırmaq, onları xarici bazarlara çıxarmaqdır. Bu yöndə işlər ardıcıl olaraq davam etdirilir. Ötən ildə İİR-nın Rəşt şəhərindən müasir yapon texnologiyasına uyğun çay emalı və qablaşdırıcı avadanlıqlar alınaraq iranlı mütəxəssislər tərəfindən istifadəyə verilib. Ötən müddətdə müəssisənin uğurları diqqətdən yayınmayıb. 2017-ci ildə Ölkə başçısı cənab İlham Əliyevin təsərrüfata gəlişi və fəaliyyətimizlə tanış olması bizə verilən yüksək qiymət idi. Təsərrüfat fəaliyyət sahəsini ilbəil genişləndirir. 2016-cı ildə təsərrüfatda Çindən alınmış 12000 ədəd tut çlingi əkildi. 2018-ci ildə müasir kümxana istifadəyə verildi. Bu müəssisədə ilk dəfə olaraq 700kq-a yaxın barama tədarük olundu. 2017-18-ci illərdə 5 hektarda müasur yapon texnologiyası əsasında çay əkini keçirmişik.

Növbəti illərdə ümumi çay sahələrinin həcmini 100-120 hektara çatdırmaq nəzərdə tutulur.

Qonaqlar burada görülən işlərdən heyran olduqlarını bildiriblər.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib

Sərraf Mirsəfəroğlu