Hikmət Çətin: "Dünya Dağlıq Qarabağ probleminin həlli üçün mexanizm tapmalıdır" AÇIQLAMA-ÖZƏL

16 Mart 2019 12:29 (UTC+04:00)

“Bakıya gəlməkdən və VII Qlobal Bakı Forumunun iştirakçısı olmaqdan çox şadam. Bu gün Azərbaycan dünyada mövcud olan problemlərinin həllinin müzakirəsi baxımından mühüm platformaya çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.

Forumda mühüm problemlərin gündəmə gətirildiyini deyən sabiq nazir söyləyib ki, hər zaman olduğu kimi VII Qlobal Forumunda da dünyanın xarici siyasəti, dünya düzəninin dəyişməsi ilə geniş müzakirələr aparıldı: “Müzakirələrdə problemli bölgələr haqqında geniş məlumatlar verildi. Lakin onu da qeyd edim ki, dünya düzəni, siyasəti dəyişsə də, illərdir həllini tapmayan problemlər hələ də qalmaqdadır. Nədənsə bəzi qurumlar və təşkilatlar bu problemlərin həllindən uzaqdırlar”.

H.Çətin buna nümunə olaraq Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasını göstərib: “Bundan başqa Kipr məsələsi hələ də həllini gözləyir. Dünya dəyişimi ilə bağlı bu qədər müzakirələr aparırıqsa, o zaman problemləri də həll etməliyik. Əgər bunu bacarmırıqsa, o zaman müzakirələrin də heç bir mənası olmur. Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir”.

Forum çərçivəsində Yaxın Şərqdə baş verənlərin də geniş şəkildə müzakirə edildiyini dilə gətirən sabiq nazir qeyd edib ki, Suriyadakı savaş, Balkanların hələ də barış qovuşmaması məsələləri də geniş şəkildə müzakirə olundu: “Bu gün dünya gücləri problemlərin həllinin öhdəsindən gəlmir. Yeni güclərin meydana gəlməsi, dəyişimlər çox yaxşıdır. Lakin onlar problemlərin həllində çox aktiv deyillər. Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın həlli ilə bağlı onlarla qərar qəbul edilib. Hansı ki bu qərarlarda Dağlıq Qarabağın Azərbaycan torpağı və bu ərazilərin işğal altında olması, bunun nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə şəraitində yaşaması faktları var. Amma bunların heç biri öz həllini tapmır. Hesab edirəm ki, dünya bu problemlər həll edəcək bir mexanizm tapmalıdır. Forum bu işdə onlara yardım edə bilər”.