"Qayğıya ehtiyacı olanların problemləri yüksək səviyyədə həll edilir" MÖVQE-ÖZƏL

16 Mart 2019 11:10 (UTC+04:00)

“Prezident İlham Əliyev vətəndaşların sosial təminatının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Qayğıya ehtiyacı olan sosial təbəqənin problemləri yüksək səviyyədə həll edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

Azərbaycan xalqının ölkə başçısının siyasətini ürəkdən bəyəndiyini və dəstəklədiyini deyən deputat söyləyib ki, Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir.

T. Süleymanov Azərbaycan Prezidentinin Ağsu və Şamaxı rayonlarında baş verən təbii fəlakət nəticəsində hadisə yerində olaraq, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində atdığı addımları xatırladaraq bildirib ki, dövlət başçısı Özünün və komandasının əsas vəzifəsini xalqa xidmət etməkdə görür: “Bilirsiniz ki, fevral ayında Ağsu və Şamaxı rayonlarında zəlzələ baş verdi. Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ciddi tapşırıqlar verdi. Bu bölgələrdə zəlzələlər baş verdiyi tarixdən cəmi bir aydan artıq vaxt ötməsinə baxmayaraq, Prezident İlham Əliyev artıq iki dəfə həmin rayonlara səfər edib. Azərbaycanın dövlət başçısının bəhs olunan son səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi, üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılması olduğunu bir daha nümayiş etdirir”.