Azərbaycanla Rumıniya arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

16 Mart 2019 10:13 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev VII Qlobal Bakı ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətində Rumıniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir iki ölkə arasında artıq 10 ildir ki, strateji tərəfdaşlığın qurulduğunu və ildən-ilə gücləndiyini deyib, xanım Birçalın da bu sahədə öz töhfəsini verdiyini vurğulayıb. S.Babayev Rumıniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

Nazir bununla bağlı Rumıniyanın Avropa İttifaqı (Aİ), ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə dəstəyinin, Aİ-Azərbaycan əlaqələrinin genişlənməsində fəal iştirakının önəmini qeyd edib. Ölkələrimiz arasında hökumətlərarası Müştərək Komissiyanın fəaliyyətindən bəhs edən S.Babayev Komissiyanın ötən il Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən 5-ci iclasının səmərəli olduğunu bildirib.

A.Birçal Azərbaycana səfərə gəlməkdən, VII Qlobal Bakı Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edib, Forumun qlobal əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin daim inkişaf etdiyini və genişləndiyini, Müştərək Komissiya tərəfindən bu sahədə yeni uğurlu nəticələrə yönəlik məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Görüşdə Komissiyanın ötən ilki 5-ci iclası zamanı əldə olunmuş razılığa əsasən iki ölkə arasında praktiki əməkdaşlığa dair hazırlanmış Tədbirlər Planı layihəsindən bəhs olunub. Layihənin təkmil şəkildə hazırlanması üçün aparılan işlər qeyd edilib. Ticarət-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyi arasında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib.