Avstriyada 20 mindən çox şagird iqlim böhranına qarşı nümayişə çıxıb

16 Mart 2019 01:31 (UTC+04:00)

Martın 15-də dünyanın yüzdən çox ölkəsinin iki mindən artıq şəhərində şagirdlər iqlim siyasətinə qarşı nümayişə çıxıblar. Avstriyada isə ümumilikdə 20 mindən çox məktəbli bu hərəkata qoşulub.

AZƏRTAC xəbər verir ki, Vyana şəhərində əllərində “Ətraf mühit bizim gələcəyimizdir!”, “İqlimi deyil, sistemi dəyişin!”, “Emissiyalara vergi tətbiq edilsin!” şüarları ilə şəhərin mərkəzi küçələrinə çıxan on mindən artıq şagird digər ölkələrdəki məktəblilərlə həmrəy olduqlarını nümayiş etdiriblər.

“Cümə günləri gələcək naminə” adı altında təşkil edilən bu aksiya dünyada şagirdlərin iqlim böhranına qarşı ilk böyük etiraz yürüşüdür. Argentinadan Avstraliyaya kimi dünyanın 123 ölkəsində təşkil olunan aksiyalarda 2052 şəhərdən şagirdlər iştirak ediblər.