Əbülfəs Qarayev ISESCO-nun baş direktoru ilə görüşüb

15 Mart 2019 23:05 (UTC+04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla ISESCO əlaqələri, həmçinin birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Azərbaycanla ISESCO arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu il oktyabrın 13-15-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci il noyabrın 23-27-də ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasının keçirilməsi, 2018-ci il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər buna bariz nümunədir.

Nazir ISESCO-nun “Bakı Prosesi” və 2011-ci ildən etibarən təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının əsas tərəfdaşı olduğunu, cari ilin mayın 2-3-də Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun 2 panel sessiyasının keçiriləcəyini bildirib.

Əbdüləziz Osman Əl-Tüveycri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan və ISESCO arasında əlaqələrin inkişafında müstəsna rolunu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Prezidenti ilə görüşü zamanı əməkdaşlığın vəziyyəti barədə dövlət başçısına məlumat verib.