Keçmiş konqresmen ABŞ prezidenti olmaq istəyir

16 Mart 2019 06:04 (UTC+04:00)

Texas ştatından olan sabiq konqresmen Beto O’Rurk ABŞ-da 2020-ci il prezident seçkilərində iştirak üçün seçkiqabağı kampaniyaya başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, Beto O’Rurk 2020-ci ildə Demokratlar Partiyasının qurultayında nominasiya almağa cəhd edən bir neçə məşhur demokratlarla rəqabət aparır. Bu nominasiyaya layiq görülən qarşıdakı seçkilərdə Trampın rəqibi olacaq. Sosial şəbəkələrdə yayılmış videoda Beto O’Rurk doğma El-Paso (Texas) şəhərində həyat yoldaşı Emi ilə yanaşı oturaraq, prezident postuna namizədliyini irəli sürmək barədə niyyətini rəsmi şəkildə bəyan edib. O bildirib ki, “bu, hər birimizdə olan ən yaxşı keyfiyyətləri üzə çıxarmağa və həddən artıq parçalanmış ölkəni birləşdirməyə istiqamətlənən pozitiv kampaniya olacaqdır”.

Gənc siyasətçi 2018-ci il aralıq seçkiləri zamanı çox uğurlu kampaniya aparıb, lakin son nəticədə respublikaçı Ted Kruza məğlub olub. O, adətən respublikaçıların qalib gəldiyi ştatda səslərin daha çox sayını toplayan yeganə demokratdır. İspan dilində sərbəst danışan Beto O’Rurk öz kampaniyasının gedişində 80 milyon dollar toplayaraq, Senatın vəsait yığma üzrə rekordunu vurub. O, Trampın miqrasiya siyasətinin qatı əleyhdarıdır və Latın Amerikasından olan miqrantların hüquqlarının müdafiəsi uğrunda çıxış edir.