"ABŞ Şimali Koreya ilə dialoqun davam edəcəyinə ümid bəsləyir"

15 Mart 2019 19:35 (UTC+04:00)

Birləşmiş Ştatlar Koreya yarımadasının nüvəsizləşdirməsi prosesi ilə bağlı KXDR-lə danışıqların davamı edəcəyinə ümid bəsləyir. AZƏRTAC dünya KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo KXDR xarici işlər nazirinin müavini Soy Son Hinin tərəflər arasında dialoqun dayandırılmasının mümkünlüyü barədə xəbərdarlığını şərh edərkən deyib. O, həmçinin ABŞ hakimiyyət dairələrinin Soy Son Hinin bəyanatından xəbərdar olduğunu təsdiqləyib.

“Mən onun dediklərindən xəbərdaram. O, danışıqların davam etdirilməsi imkanları barədə məsələni açıq qoyub. ABŞ administrasiyası nüvəsizləşdirmə problemi ətrafında danışıqların davam etməsini arzulayır”, - deyə Pompeo vurğulayıb.

Xatırladaq ki, bu ərəfədə KXDR xarici işlər nazirinin müavini Soy Son Hi ölkə hakimiyyətinin nüvəsizləşdirmə məsələsinə dair Vaşinqtonla növbəti danışıqların uğursuzluğundan məyus olduğunu, Şimali Koreyanın raket və nüvə silahlarının sınağı hüququnu özündə saxladığını bildirib. Onun fikrincə, tərəflər arasında düşmənçilik və etimadsızlıq ab-havası dövlət katibi Mayk Pompeo və təhlükəsizlik üzrə müşavir Con Boltonun ucbatından yaranıb. Sammitdən sonra Donald Trampın yüksək vəzifəli müşavirlərinin səsləndirdiyi bəyanatlar ölkələrarası münasibətlərə xələl gətirib.