“Bakı Forumu Azərbaycanın dünyaya verdiyi nəhəng töhfə kimi qiymətləndirilir" - BƏHRUZ QULİYEV

15 Mart 2019 18:36 (UTC+04:00)

“Bakıda növbəti Qlobal Forumun keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev paytaxtımızda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu ilə bağlı münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, artıq ənənə şəklini almış Forumda 50 ölkədən 500-dən artıq nümayəndənin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı da bu reallığı kifayət qədər sübuta yetirir: “Əbəs deyil ki, Bakı Qlobal Forumunda Prezident İlham Əliyev açılış nitqində bu və bu kimi digər əhəmiyyətli məqamlara toxundu və vurğuladı ki, artıq dünyanın xarici siyasətində yeniliklər baş verir və cərəyan edən hadisələrin bütövlükdə, beynəlxalq təhlükəsizliyinin təmini çərçivəsində əldə edilməsi üçün Bakı Forumunun müstəsna rolu mövcuddur”.

Bəhruz Quliyev əlavə edib ki, həqiqətən də, dünyanın belə irimiqyaslı tədbirlərin keçirilməsinə ehtiyac var: “Əlbəttə, məhz Azərbaycanın dünyanın siyasi arenasındakı yerini və rolunu nəzərə alsaq, bu Forum ölkəmizin beynəlxalq aləmə verdiyi nəhəng töhfə kimi qiymətləndirilir. Bu gün Azərbaycanda olan sabitlik və təhlükəsizlik dünya ölkələri tərəfindən qəbul edilir və dövlətimizin həmin istiqamətdəki siyasi modeli nümunə olaraq təqdim olunur. Baxın, dünyanın ən aparıcı intellektual şəxsləri bu gün Bakıdakı müzakirələrə qatılıblar, qarşıda dayanan vəzifələrin, görüləcək işlərin ətrafında zəngin təcrübələrini bölüşürlər, proqnozlarını irəli sürürlər. Həmin gerçəklik isə eyni zamanda sübut edir ki, hər kəs Azərbaycanla mövcud əməkdaşlıq etməkdə maraqlıdır”.

Siyasi ekspert xatırladıb ki, dövlətimizin başçısı daim öz nitqində Azərbaycanda yürüdülən xarici siyasətin milli maraqlar kontekstindən çıxış etdiyini vurğulayıb. Bu o deməkdir ki, dövlətimiz bütün hallarda bu amili prioritet olaraq götürür: “Bu, çox mühüm mesajdır və cənab Prezidentin də qeyd etdiyi kimi, həmin faktor proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir: “Müstəqil və milli maraqlara söykənən xarici siyasət çərçivəsində tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsi, yeni münasibətlərin qurulması həm də o deməkdir ki, Azərbaycanla əməkdaşlıq, partnoyrluq edən dövlətlər bizim bu siyasətimizi qəbul edir və dəstəkləyirlər. Belə ki, istər enerji təhlükəsizliyi, istər investisiyaların qoyuluşu, istər nəqliyyat, istərsə də ticarət və s. kimi məsələlərdə ölkəmizin qeyd edilən xarici siyasət maraqlarına hörmətlə yanaşılır”.

Bəhruz Quliyev Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri ətrafındakı çıxışında irəli sürdüyü fikirlərinə də münasibətini açıqlayaraq deyib ki, Ermənistanın danışıqlar prosesindəki yayınma cəhdləri işğalçılara heç bir səmərə vermir, əksinə düşdükləri ağır və böhranlı vəziyyəti daha da ağırlaşdırır: “Bu baxımdan, görünən budur ki, Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də qınanılır. Yəni, işğal faktı beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvonun qəbuledilməzliyi beynəlxalq təşkilatlar tərəfindən də vurğulanır. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdəki xarici siyasətinin, habelə güclü diplomatiyasının göstərəcisidir”.

“Təbii ki, dünyaya yalnız təhlükəsizlik baxımından deyil, həm də multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından da töhfələrini verən Azərbaycan dövləti bu vasitə ilə müxtəlif nöqtələrdə yaşanan gərginliklərin aradan qaldırılması üçün də səylərini göstərməkdədir”, deyə vurğulayan Bəhruz Quliyev bu uğurların davamlı olacağını deyib: “Göstərilən hər bir səy, edilən hər bir çağırışlar Qlobal Bakı Forumu kimi mühüm tədbirlərdə ən yüksək dəyərlərə cavab verir”.