YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin hesabat-seçki konfransı keçirildi

15 Mart 2019 17:58 (UTC+04:00)

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatı gənclər birliyinin növbəti hesabat-seçki konfransı keçirildi.

Konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri vəzifəsini icra edən Fəsli Nəbiyev bildirdi ki, rayon təşkilatı gənclər birliyi Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətini əldə rəhbər tutaraq, gənclərlə işin yüksək səviyyədə qurulmasını və onların hərtərəfli inkişaf etdirilməsini qarşısında duran əsas məqsədlərdən biri hesab edir. O, həmçinin, gənclər birliyinin ilk partiya təşkilatlarının sosial şəbəkələr üzrə uğurlu fəaliyyətindən və keçirilən çoxsaylı tədbirlərdən söhbət açdı.
Hesabat məruzəsi ətrafında çıxış edən YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalları Aslan Aslanov, Cəmilə İsmayılova, Yeganə Cavadova ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və bütün sahələr üzrə gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü islahatlardan danışdılar.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Rayon təşkilatının şura üzvliyinə 61 nəfər, idarə heyətinə isə 21 nəfər təsdiq edildi. F.Nəbiyev təşkilatın gənclər birliyinin sədri, Anar Əliyev, Eldar Qurbanov və Cəmilə İsmayılova sədrin müavinləri seçildilər.
Rayon gənclər birliyinin yeni sədri seçilmiş Fəsli Nəbiyev ona göstərilən yüksək etimada görə, konfrans nümayəndələrinə təşəkkürünü bildirdi. Gələcəkdə daha da əzmlə və məsuliyyətlə fəaliyyət göstərəcəklərini diqqətə çatdırdı.
Konfransda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var: "Gənclər siyasətinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün də gənclərimizin hərtərəfli inkişafı və onlarla bağlı çoxsaylı dövlət proqramlarının qəbul edilməsi, uğurla icra edilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir".
YAP Gənclər Birliyi Baş Ofisinin rəhbəri Fərid Nəsibov dövlət-gənclər siyasəti və YAP Gənclər Birliyinin gələcək fəaliyyəti barədə məlumat verdi. O, çıxışında vurğuladı ki, partiya gəncləri cəmiyyətimizin ən fəal hissəsi olaraq, mühüm tədbir və layihələrə imza atır. Partiyanın sıralarında təmsil olunan, ictimai-siyasi həyatda fəallıq göstərən gənclərimiz dövlət başçısı İlham Əliyevin ən yaxın təbliğatçıları olaraq, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində səylə çalışırlar. Onlar bu gün müxtəlif sosial vasitələrlə ölkəmizin haqlı mövqeyini dünyaya çatdırırlar.

ZÜMRÜD BAYRAMOVA