"Dünyadakı gərginlik bizim kimi kiçik ölkələrin inkişafına öz təsirini göstərir"

15 Mart 2019 18:05 (UTC+04:00)

“Nazirlər Kabinetinin hesabatı ilə bağlı çıxışlarınıza görə təşəkkür edirəm. Mən bütün səslənən fikirlərin əhəmiyyətli olduğunu qeyd edirəm. Təbii ki, bütün deyilənləri qısa müddətdə etmək mümkün deyil. Nə qədər işlər görülsə də, yenə gə görülməli işlər çoxdur”. SİA-nın xəbərinə görə, bunu Baş nazir Novruz Məmmədov hökumətin 2018-ci il hesabatının müzakirələrinin yekununda çıxış edərkən deyib.

O bildirib ki, bizim yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır: "Bu yolu Ulu Öndər Heydər Əliyev miras qoyub. Bu yolda başda Prezident İlham Əliyev olmaqla bütün təsisatlar resurslarını ortaya qoymalı, əllərindən gələni etməlidirlər. Çoxlu sayda təklifləriniz oldu. Bildirim ki, dövlət başçısı burada səslənən təkliflərin bir çoxu haqqında xəbərdardır və artıq onların icrası ilə bağlı işlərə başlanılıb. Mən demirəm ki, bütün məsələlər öz həllini tapacaq. Çünki, dünyada vəziyyət gərgindir. Bizim kimi kiçik ölkələrin istədiyi səviyyədə inkişaf etməsi üçün imkanlar yoxdur. Çünki, dünyada gərginlik buna öz təsirini göstərir”.

N.Məmmədov qeyd edib ki, ümumilikdə hesabatla bağlı müzakirələr yüksək səviyyədə aparıldı: “Azərbaycanın inkişafında gedən proseslərdə Milli Məclisin böyük rolu var, deputatlar bu işdə uğurla fəaliyyət göstərirlər. Hamıya uğurlar arzu edirəm”.