Qlobal Bakı Forumu dünyanı narahat edən məsələlərin müzakirə olunduğu ənənəvi platformaya çevrilib

15 Mart 2019 17:10 (UTC+04:00)

İlham Əliyev: "Bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir"

Con illər Azərbaycan çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Müasir dünyanı narahat edən məsələlər də, məhz bu forumlarda müzakirə olunur. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından, Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd olunmalıdır. Paytaxtımızda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə növbəti forum - VII Qlobal Bakı Forumu keçirilir. Bu forum müxtəlif ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiyanı həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxışı zamanı Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri olduğunu bildirib: "Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək". Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilməyə başlanılıb. Bu il "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən forumun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir.

SÜLHÜN QORUNMASI, DAYANIQLI İNKİŞAF, ƏDALƏTLİ BÖLÜŞMƏ, REGİONAL RİFAH VƏ İNKİŞAFDA UÇURUMUN AZALDILMASI ÖNƏMLİ HƏDƏFLƏR SIRASINDADIR

Forumda müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilir. Müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həll yolunu tapmaq üçün əsl qlobal platformaya çevrilən forum dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyanın ümumi çağırışları müzakirə olunacaq. Bütün bunlar qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yollarını göstərmək baxımından, son dərəcə əhəmiyyətli məsələdir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahının yüksək olması vacib məsələlərdəndir. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir.
Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demokratik olmasını təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüslərə dair dərin müzakirələrə imkan yaradır. Forum üçün seçilmiş mövzu gələcək addımları aydın şəkildə göstərir. Qlobal Bakı Forumu istər əhatə dairəsi, istərsə də keyfiyyəti baxımdan, ildən-ilə daha da genişlənir. Forum qarşılıqlı anlaşmanı təbliğ etmək və gücləndirməklə də əhəmiyyətlilir.
Bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir, təhlükəsizlik, ətraf mühit və digər problemlər öz həllini tapmalıdır, dünyada yeni xarici siyasət müəyyənləşdirilməlidir, dövlətlər və xalqlar arasında əməkdaşlıq genişləndirilməlidir. Bu forum yeni xarici siyasət mövzusuna həsr olunub. Burada əsas məsələlər müzakirə edirilir, çox aktual məsələlərə toxunulur, dünyanın indiki vəziyyəti nəzərdən keçirilir.

"TƏRƏFDAŞLIQ, QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIQ VASİTƏSİLƏ REGİONUMUZDA VƏ DAHA GENİŞ COĞRAFİYADA TƏHLÜKƏSİZLİK, SABİTLİK İSTİQAMƏTİNDƏ ÖLKƏLƏRLƏ YAXIN ƏLAQƏLƏRİN QURULMASI AZƏRBAYCANIN PRİORİTETLƏRİNDƏN BİRİDİR"

Cənab Prezident çıxışında "Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib" deyərək regionda, dünyada vəziyyətin dəyişdiyini və xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırdığımızı diqqətə çatdırıb: "Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də, Azərbaycan sonuncu forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən, Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir".
Forumda müxtəlif məsələlərdən - həm uğurlardan, həm də dünyanın qarşılaşdığı problemlərin həlli yollarından söhbət açılır. Eyni zamanda, müzakirələrdə dünyanın cavabdehliyi haqqında danışılır. Ən əsası da odur ki, bu məsələlərin həllində həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi vurğulanır. Təbii ki, bir dövlət bütün dünyada sülhü bərqərar edə bilməz. Buna görə də, bu məsələdə bütün dövlətlərin səyi vacibdir. Dünyada münaqişələrin, terror aktlarının və digər problemlərin artdığı bir dövrdə yeni bir siyasətə ehtiyac yaranıb. Bu siyasət hərtərəfli əməkdaşlıq və dostluq mühitində əlaqələrin qurulmasına, problemlərin həlli yollarının bu müstəvidə axtarılmasına əsaslanmalıdır. Məhz forum dünyanı narahat edən ən aktual problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

Nəzakət ƏLƏDDİNQIZI