"Seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər"

15 Mart 2019 16:15 (UTC+04:00)

“Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha möhkəmlənib”. SİA-nın xəbərinə görə, bunun deputat Musa Qasımlı Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.

Deputat söyləyib ki, ötən il ölkəmizin dəmir yolu sisteminin inkişafında görülən işlər qeyd edilməlidir: “Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.

Çıxışı zamanı təkliflərini irəli sürən M.Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib: “Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.

Kəndlərdə qızların təhsilə cəlbi ilə bağlı problemlərin olduğunu deyən deputat qeyd edib ki, hər bir kənddə qadın müəlliməsi olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq.

Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsini gündəmə gətirən deputat bildirib ki, təhsilin keyfiyyətinə fikir vermək lazımdır: “Bundan başqa Elmi Şuralarının həmsədrlərində dəyişiklik edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu Azərbaycan elminə ayıbdır”.